Azərbaycan Aşıqlar Birliyi




Molla Cuma ilə asıq könlünün
 dəyişməsi (Dastan-deyişmə)




Müəllif: Molla Cuma

Aşıq Könlü carlı bir aşıqdır. Molla Cuma layişıqlıdır. Bu dəyişmənin tarixi mə’lum deyil. Amma çox güman ki, bu əhvalat Molla Cuma öləndən, yə’ni 1920-ci ildən bir neçə il əvvəl olubdur (Aşıq Könlü də Molla Cumadan bir az əvvəl ölüb).
Aşıq Könlü bir gün səhər tezdən dan yeri ağarmamış cardan durub Molla Cumanın evinə gəlir. Qapını döyür. Arvad deyir:
-Kimsən?
Deyir:
-Molla Cumanı istəyirəm.
Arvad:
-Molla Cumaya xəbər verir.
Molla Cuma tumançaq kürkünü çiyninə salıb əlində xəncər Aşığın qabağına çıxır.
-Salam.
-Əleykəssəlam.
Xoş-beşdən sonra Molla Cuma deyir:
-Buyur, evə gedək.
Aşıq Könlü deyir:
-Xeyr. Evə getməyə gəlməmişəm. Deyişməyə gəlmişəm. Ya sən aşıqsan, ya mən.
Deyir:
-Gəlmisən çox gözəl, buyur dəyişək.
Aldı Könlü görək nə deyir:

(Qafiyə)

Könlü:

Salam olsun sənə, ey Molla Cuma,
Yaqut ya mənəmi, ya mənmi gəlim?
Bir neçə sözlər var bil xəyalımda
Yaxşımı söyləyim, yamanı gəlim.

Cuma:

Salam olsun sənə ey aşıq Könlü
Yaqut mədəninə gəlirsən bir gəl
Uzaxdan uzağa eyləmə hap-gop
………… olub gəlirsən dur gəl.


Könlü:

Girməyib dəryada ay üzdə dursun
Süsəni sünbülü ay üzdə dursun.
İstərsən saxlayım ay üzdə dursun,
İstərsən çalxıyıb ya mənmi gəlim.

Cuma:

Bir ad sevdim heç vermərəm min ada
Bir daş atdım dəydi düşdü Minada,
Durmaz üzdə qalxıbsanda minada,
Azdan nə bağlıdır gəlirsən dur gəl.

Könlü:

Məyən olsa haçan çatar at mənə
Müjgan oxun sinəm üstə at mənə.
Könlü deyər bir imtəhan at mənə
Ya sən gəlirsənmi, ya mənmi gəlim.

Cuma:

Piyada atlıya çatmaz edalım
Tənə sözlə ciyər bağran edalım
İstəyirsən bir imtahan edalım
Molla Cuma gəlməz, gəlirsən dur gəl.

Molla Cuma deyir balam bura qapının ağzıdır. Burda durmaq yaxşı deyil. Görən bizi məzəmmət eylər. Gedək evə çay içək, çörək yeyək, oturaq söhbət eliyək. Sonra nə qədər istəyirsən yenə dəyişək. Könlü deyir elə şey yoxdur. Burda dəyişəcəyik. Belə olanda Molla Cuma başlayır.

(Dübeyt)

Xoş gəlmisən, Aşıq Könlü,
Yerin vardır gözüm üstə
Fərş edərəm ayağını
Baş qoyaram üzün üstə.

Könlü:

Sağ olginən Molla Cuma,
Bir cavab ver dilim üstə
Gərək deyəm qulluğunda
Söz qoşginən sözüm üstə.

Cuma:

Buyur gedək evə qonaq,
Haq verəndən yeyək içək,
Cavabın var orda açaq
Söz qoygilən sözüm üstə.

Könlü:

Gəlməmişəm yemək-içməyə
Yoxsa istəyirsən qaçmağa.
Gəldim sənnən dəyişməyə
Sazın durur qolum üstə.
Cuma:

Cumayam bilmərəm halın,
Dərinə düşüb xəyalım,
Görüm nədir su sualın
Cavab verrəm dizim üstə.

Könlü:

Aşıq Könlü tanı mənəm
Eşq əhlinin canı mənəm
Canlıların canı mənəm
Əl qoyginən əlim üstə.

Molla Cuma yenə təklif eləyir. Aşıq Könlü qəbul eləmir. Camaat bunların başına yığışır. Onlar da Könlüyə evə getməsini xahiş edirlər. Könlü isə razı olmayıb inadla deyir: Gəlmişəm. Ya mən bunun aşıq olmadığını sübut edib gedəcəyəm. Sazını əlindən alacağam, ya da bu məni yenəcəkdir. Deyişməyə başlayırlar.

Könlü:

Molla Cuma, səndən xəbər alayım
O nədir ki, dünya qubarda durdu,
Binasın atəşdən yaratdı allah
Axırda məkanı finnarda durdu.

Cuma:

Aşıq Könlü, sənə xəbər verəyim
O şeytandır dünyada qubarda durdu.
Binasın atəşdən yaratdı allah
Axırda məkanı finnarda durdu.

Könlü:

Quranı göylərdən göndərən kimdir
Alıban yerlərə əndirən kimdir
Kafiri İslama döndərən kimdir
Dönən azad oldu, dönməzi qırdı.

Cuma:

Quranı göylərdən allah göndərdi
Cəbrayıl gətirib yerə əndirdi
Kafiri İslama Əli döndərdi
Dönən azad oldu, dönməzi qırdı.

Könlü:

O hansı sultandır dörddür vəziri
O hansı surədir birdir vəziri
O hansı nəbidir yedi hazırı
Dilədi moladan yanında gördü.

Cuma:

O xatəmi muxtardır dörddür vəziri
Oğulhüvəllahdır birdir vəziri
O İsa peyğəmbərdir yedi hazırı
Dilədi moladan yanında gördü.

Könlü:

O nədir ki, nuhun gəmisin deşdi,
O nədir ki, otun şirinin seçdi
O kimdir ki, abi-həyatdan içdi
Bilinməz məkanı hardadır yurdu.

Cuma:

O siçandır Nuhun gəmisin deşdi,
O arıdır, otun şirinin seçdi.
O xızırdır abi həyatdan içdi
Bilinməz məkanı hardadır yurdu.

Könlü:

Mən Aşıq Könlüyəm, hər yerdə adlı
O hansı surədir bir yerdə məddi
O hansı surədir ayəsi yeddi
Oxunur hər zaman dildə əzbərdi.

Cuma:

Mən Cumayam, hər yanda söhbəti dadlı,
O ənzalnadır bir yerdə məddi
O süreyi əlhəmdir ayəsi yeddi,
Oxunur hər zaman dildə əzbərdən.

Bundan sonra Könlü hirslənib lateyer (götəlləmə) deməyə başlayır.

Könlü:

Molla Cuma səni agah eyləyim
Hünərin yoxsa araya girmə.
Aşıqlar söhbəti qoç davasıdır
Beş qafiyə ilə araya girmə.

Cuma:

Aşıq Könlü yəqin inan bilginən
Şələsi olmayan dəyirmana girməz
Bir məsəldir atalardan qalıbdır
Yabıya dözməyən xarmana girməz.

Könlü:

Çıxıb çölə tədarükün görməyən
Dava etməz hünərini bilməyən
Cibində ehtiyat pulu olmayan
Nə məclisə getməz, meydana girməz.

Cuma:

Çıxanda tədarükün görginən çölün
İşin düşsə bir yana çatmaz əlin.
Cibində yox isə ehtiyat pulun
Özgə ilə mərc etmə qaraya girmə.

Könlü:

Aşıq Könlü könülləri bəsləyər
Düşən yerdə loğman ölüm xəstəyə
Südün yoxsa heç qarışma dəstəyə
Toğlusan dur yanda bərəyə girmə.

Cuma:

Molla Cuma bərki boşu görübdür
Neçə aşıqların gülün dəribdir
Movlan qismət edib xızıl veribdir
Üzməyi bilmirsən ümmana girmə.

Yenə Molla Cuma və camaat Aşıq Könlüyü evə təklif edirlər. Könlü razı olmur. Molla Cumaya lateyir deməyə onun tumançaq, baş açıq, kürklü vəziyyətini məsxərəyə başlayır.

(Dübeyt)

Könlü:

Başın kəkil qıçın səkil
Rəngin bir qulu Cuma.
Rızrıban kənar çəkil
Mudarın ala Cuma.

Cuma:

Gözün göydür, qaşın sarı
Rəngindir narınc Könlü
Tıxırsan elə çülmədarı
Neylərsən pernic Könlü.

Könlü:

Həmişə belə naşarsan
Quzğun kimi çox yatarsan
Gecələri yer eşərsən
Gündüz gir kola Cuma.

Cuma:

Sən ki məni ……. Eylədin
İt oluban tək eylədin
Bərk toylada kök eylədin
Nə bilərsən birinc Könlü.

Könlü:

Sən Cumasan, mən də Könlü
Gəl mənim açma nağlı
Nə ki səndə olan kəmal, ağlı
Almaran bir pula Cuma.

Cuma:

Sən Könlüsən, Cuma şəkili
Hər kəs olsun öz vəkili
Cuma satılsa dür tökülür
Sən satılsan birinc Könlü.

Yenə yalvarırlar. Fayda çıxmır. Könlü sazını və sözünü tərifləyir.

(Dübeyt)

Könlü:

Şükür haqqa eyləmişəm
Namusum var ar yerinə
Aşıqlıqda tək gəlmişəm
Saz çalaram tar yerinə.
Cuma:

Şükür olsun o allaha
Çox veribdir az yerinə
Məni saldı beylə raha
Xəncər sallam saz yerinə.

Könlü:

Yüz min iki fənd eyləsən
Dil ağzımı bənd eyləsən
Yerişini könd eyləsən
Səni allam yar yerinə.

Cuma:

Suyum şirin, adım gözəl
Mənə olsun qadan gözəl
Özün tüksüz nadan gözəl
Qəbulumsan qız yerinə.

Könlü:

Aşıq Könlü könül püstanı
Çağırram xızı ustanı
Dağıleydi Şəkistanı
Allah versin çar yerinə.

Cuma:

Molla Cuma göhər ləli
Çağıraram zül cəlalı
Dağıleydi çar mahalı
Yel aparsın toz yerinə.

Yenə camaat araya girdi. Dedilər ay canım belə iş olmaz. Kamil kişisiniz. Sizin üçün ayıbdır. Könlü dedi yox. Yenə başladı:

(Qafiyə)

Könlü:

Molla Cuma səndən xəbər alayım
O kimdir dünyada çox çəkdi dərdi
Vücudu çürüyüm cümlə töküldü
Düşməyə qoymadı bir dənə qurdu.

Cuma:

Aşıq Könlü sənə xəbər verəyim
Eyyub peyğəmbərdir çox çəkdi dərdi
Vücudu çürüyüb bənd-bənd töküldü
Düşməyə qoymadı bir dənə qurdu.

Könlü:

O hansı sultandır dörddür qulluqçu
O dörd qulluqçunun biridir doqçu
Biri hesabdardır, biri də elçi
Biri çalıcıdır birginən durdu.
Cuma:

Dörd qulluqçusu olan Cabbarı cəli
O dörd qulluqçudan elçi Cəbrayıl
Hesabdar Mikail doqçu əzrayıl
Çalıcı İsrafil bilmişəm durdu.

Könlü:

O nədir ki, dildə haqqın sifarı
O hansı surədir biridir zəbəri
O hansı ərəbdir on iki nəri
Üç yüz altımış mayanı qatara qoydu.

Cuma:

O tohiqdir dildə haqqın sivarı
İnna əteynadır biridir onun buvarı
Ulumuzdur ərəb on iki ay nəri
Üç yüz altımış günü qatara vurdu.

Könlü:

O nədir insandan misala quşdur
O hansı məshəbdir şərtləri beşdir
Yasından təbarəktə nə ayıb keçdi
Bəraət dasına nə sovqət verdi.

Cuma:

Orucdur insandan misala qoşdur
Dinimiz islamdır şərtləri beşdir
Yaqulinə ilə təbarək kəşdi
Bəraət daşına bismillah etdi.

Könlü:

Mən aşıq Könlüyəm Könlümdür gümrah
O kimdir ki, əvvəl quldur sonra şah
O kimdir ki, dəryalarda uddum mah
Kimnən kimə bunlar belə əmidir.

Cuma:

Molla Cuma gecə gündüz çəkər ah
O Yusifdir əvvəl quldur sonra şah
O Yusifdir dəryalarda uddu mah
Xudavənddən bunlar belə əmidir.

Yenə yalvar-yapış elədilər. Fayda vermədi. Deyişməyə başladılar.

Cuma:

Aşıq Könlü sənə minnət eylərəm

Getginən buradan abrın üstə
Yaşın az olsa da özün kamilsən
Bir hösələn olsun səbrin üstə.

Könlü:

Molla Cuma mənə minnət eyləmə
Durmaram özgənin oyunu üstə
Gərək dinlə alam səndən qısası
Beyit deyəcəyəm beyitin üstə.
Cuma:

Əslimiz şairdir biz də şairik
Düşərsən azara yığarsan unsux,
Qalarsan altında olarsan mənsub
Necə quran gəldi zəburun üstə.

Könlü:

Elə demə özün altdan qalarsan
Xiffətindən saralıban solarsan
Bir gün sabah dərdə düşüb ölərsən
Oxuyanlar gələr meyidin üstə.

Cuma:

Cuma bir çeşmədir qaynayıb axmaz,
Hər yetən namərdin sözünə baxmaz.
Sənə bir toy tutar yadından çıxmaz,
Bir qarış ot bitər dərdin üstə.

Könlü:

Gərək gedəm bu yerlərdə ad qoyub
Dostum ağlar, düşmənimi şad qoyum.
Könlü deyər cəsədinə ad qoyum
Yandırram piltətək növütün üstə.

Bağlama

Könlü:

Göydən yerə neçə söhv enibdir
Əvvəl gələn kimin üstə dayandı
Ol qalanı de kimlərə verdilər
Lap çoxusu hansı kəsdə dayandı.

Cuma:

Göydən yerə yüz söh enibdir
Əvvəl gələn adam üstə dayandı
Otuzu verildi İdris, Nəbiyə
On xəlildə , əlli şistə dayandı.

Könlü:

O kimdir ki, ərşi-əlanı bəzədi
O nədir ki, qızıl güldən təzədir
O nədir ki, əvvəl-axır bizədir
Nöbət-nöbət axır nəstə dayandı.

Cuma:

Həsən , Hüseyn ərşi-əlanı bəzədi
O elmidir qızıl güldən təzədir
O ölümdür əvvəl-axır bizədi
Nöbət-nöbət axır nəsdə dayandı.

Könlü:

İbrahim Xəlil xabda görən quş nədir
Ol ağası burduğu iş nədir
Bir qəfəsdə üç yüz altımış quş nədir
Cümlə tanı bir nəfəsdə dayandı.

Cuma:

İbrahim xabidə oldu xəbərdar
Oğlunu qurbanlıq buyurdu Cabbar
Hər insanda üç yüz altımış damar var
Cümlətanı bir nəfəsdə dayandı.

Könlü:

O kimdir ki, xeyrin-şərin yazarlar
O kimdir ki, vurub başın əzərlər
O kimdir ki, qatar-qatar gəzərlər
Hansı yerdə dəstə-dəstə dayandı.

Cuma:

Kərəmən katibdir xeyri-şəri yazarlar
İnkir-minkir vurub başın əzərlər.
Məlayikələr qatar-qatar gəzərlər
İbadətdə dəstə-dəstə dayandı.

Könlü:

Aşıq Könlü ömrün pənah eylədi
O kimdir ki, qızı ilə zina eylədi
O kimdir Kəbəni bina eylədi
Bildir görüm neçə yaşda dayandı.

Cuma:

Molla Cuma haqqa səna eylədi
O qaraçıdır qızı ilə zina eylədi istəyirk
İbrahimdir Kəbə bina eylədi
Söykəndi hasaya xəstə dayandı.

Axırda Könlü bir latayır deyib Molla Cumanı pişikdirmək istəyir.

Könlü:

Molla Cuma səni qoşmaq istərəm
Kəlçə kimi görünürsən mənə sən
Laçın kimi çalıb qaçmaq istərəm
Sərçə kimi görünür mənə sən.

Cuma:

Aşıq Könlü səni minmək istərəm
Qatır kimi görünürsən mənə sən
Qorxum budur yaxın dursan yoluxarsan
Qotur kimi görünürsən mənə sən.

Könlü:

Tutub boğazından elə sıxaram
Gərəldikcə gözlərinə baxaram
İtələyib dalı üstə yıxaram
Yatır kimi görünürsən mənə sən.

Cuma:

Barmaq salıb gözlərindən oyaram
Çəkib dərin dir-dir soyaram
Burub-büküb dizim altdan qoyaram
Xalça kimi görünürsən mənə sən.

Könlü:

Aşıq Könlü qaçanmışdır qaçam mən
Açıqlıqda bir az səndən bacam mən
Heç bilirsən indi necə … mən
Külçəkimi görünürsən mənə sən.

Cuma:

Mən Cumayam doğru sözü deyərəm
Oxloy alıb xəngəl kimi yeyərəm
Ac qurd kimi bir loxmada yeyərəm
Fətir kimi görünürsən mənə sən.

Üenə yalvarır deyir canım acsan gedək çörək ye. Ayıbdır. Camaat da təvəqqə eləyir. Könlü yenə deyişməyə başlayır:

Könlü:

Üç şey nədir insan üstə gəldilər
Danışdılar biri yüzdə dayandı
Əvvəl ikisi gəzdi cümlə aləmi
Biri başda, biri üzdə dayandı.

Cuma:

Əql həya iman insan üçün gəldilər
Danışdılar iman döşdə dayandı
Ol ikisi gəzib külli aləmi
Həya üzdə, ağıl başda dayandı.

Könlü:

O nədir ki, göy üzünə sərildi
O kimdir ki, dörd yol öldü dirildi
Əlli nə deyən şeydir bizə verildi
Minnət oldu axır beşdə dayandı.

Cuma:

O ulduzdur göy üzünə sərildi
Cərcəs nəbi dörd yol öldü dirildi
Əlli namaz gündə bizə verildi
Minnət oldu axır beşdə dayandı.

Könlü:

O nədir ki, xalq quranda itirdi
O nədir ki, gecə-gündüz ötürdü
O nədir ki, bu yerləri götürdü
Bircə kəlmə hohay hişdə dayandı.

Cuma:

İsmi əzəndir xalq quranda itirdi
O daşdır ki, gecə-gündüz ötürdü
Qızıl öküz bu yerləri götürdü
Bircə kəlmə hohay hişdə dayandı.

Könlü:

O kimdir ki, bəzəmişdi qəməri
O kimdir ki , min eylədi dəmiri
O kimdir ki, uzun sürdü ömürü
Bildir görüm neçə yaşda dayandı.

Cuma:

Yusif Nəbi bəzəmişdi qəməri
Davud Nəbi mum eylədi eylədi dəmiri
Nuh Nəbidir uzun sürdü ömürü
Düz doqquz yüz əlli yaşda dayandı.

Könlü:

Aşıq Könlü heç gözləməz abırı
O kimdir ki, çəkdi səddi səbiri
O kimdir ki, oxur mudam zəburu
Avazına ötən quşlar dayandı.

Cuma:

Molla Cuma çox gözlədi abırı
O İsgəndərdir çəkdi səddi şəbiri
Davud Nəbi oxuyanda zəburu
Avazına ötən quşlar dayandı.

Molla Cuma dayı gördü ki, axşam olur. Könlü də bunun yaxasındın əl çəkmir.
Təngə gəldi. Qərar verdi ki, bunun başına elə iş açmaq lazımdır ki, rədd olub getsin. Aldı görək nə deyir:

Cuma:

Yeddisi qurandadır, yeddisi surada
Yeddi şamamanı bir tağda gördüm
Yeddisi ağdadır, yeddisi qarada
Yeddi bülbülü bir bağda gördüm.

Bu qıfılbəndin açılmasını Könlüdən tələb elədi. Könlü cavab verə bilmədi. Cuma davam etdi:

Yeddisi ayaqdadır yeddisi başda
Yeddisi yerdədir yeddisi ərşdə
Yeddisi yazdadır yeddisi qışda
Yeddi ovcunu da bir dağda gördüm.

Könlü bunu da aça bilmədi.

Yeddisi altdadır, yeddisi üstdə
Yeddisi düşməndir, yeddisi dostda
Yeddisi toydadır, yeddisi yasda
Yeddi almanı bir budaqda gördüm.

Könlü buna da cavab verə bilmədi. Nə qədər təvəqqə elədilərsə, evə getmədi. Axırda “yeddi” deyə-deyə cara çıxıb getdi.

 
 
Copyright © Creative Site of Arts All Rights Reserved. Design by Sparker